Məktəblərdə geyimlə bağlı tələblər qanunla tənzimlənəcək. Bu, Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsinə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlərin işgüzar geyim tərzinə riayət etməsi qanunla tənzimlənəcək. Məqsəd məktəblərdə peşəkar iş mühitinin və təşkilati-mədəniyyətin daha da gücləndirilməsidir.
Qeyd olunur ki, müəllim yalnız dərs deyən şəxs deyil, həm də şagirdlərə davranış, ünsiyyət və görünüş baxımından nümunə olur. Bu baxımdan, müəllimin səliqəli və işgüzar geyimi müəllim peşəkarlığının göstəricilərindən biri hesab edilir.
Dəyişikliklər məktəbli formalarına da aid olacaq. Belə ki, dövlət məktəblərində şagirdlərin müəyyən edilmiş geyim qaydalarına əməl etməsi hüquqi əsaslarla təsbit olunacaq.