"Onunla son saatlarımı keçirirəm” - Qəzada ölən 17 yaşlı Zəhranın atası - RTV

Tanınmış vəkil Fərhad Mehdiyev ağır itki ilə üzləşib. Vəkilin qızı 17 yaşlı Zəhra Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsində həyatını itirib.

Məlumatına görə, Mehdiyevin qızının idarə etdiyi motosiklet "Mercedes" markalı avtomobillə toqquşub. Qəzadan sağ çıxan qızın həyatını xilas etmək mümkün olmayıb.

Fərhad Mehdiyev qızının həlak olması ilə bağlı sosial şəbəkədə paylaşım edib. O, qızının fotolarını paylaşaraq dərin kədərini bildirib.

"Hər kəs uşağı ilə məzuniyyət şəkillərini paylaşır, mən isə deyə bilərəm ki, qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhrəmin faciəvi ölümündə əsas səbəbkar Bakı – Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna görə və ya həmin zolaqda da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi. Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yixdı.

Zəhrəmin faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobil sürsəydi, həmin o yaramaz avtomobillə çırpılsaydı da hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn olaraq qəlbimə yazılacaq.

Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.

Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrılıqda keçiririk. Bu anların altında "Allah rəhmət eləsin" də yazıb qoyub gedənlər var. Amma bu, heç birimizin ağrı və kədərini azaldaq bilməz.

Yaxınlarınıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək. Daha əziz bir şeyim yoxdur."

Mehdiyev əlavə edib ki, hadisəyə səbəb olan avtomobilin sürücüsünün cəzalandırılmasını istəyir.