"Ucuzluq idi, kasıb-kusub burdan bazarlıq edirdi" - Suraxanıdakı "kasıb bazarı" söküldü - RTV

Bakı şəhərinin Suraxanı rayonunda yerləşən məşhur satış məntəqələrindən biri, Suraxanı bazarı sökülüb. Bir neçə gün əvvəl bazarın bir hissəsində söküntü işlərinə start verilib və artıq işlər tamamilə başa çatıb.

Söküntüyə səbəb əvvəllər də mövcud olan dəmir yolu xəttinin yenidən bərpa edilməsi layihəsidir. Bu layihə çərçivəsində Suraxanı və Bakıxanov qəsəbələri ərazisində dəmir yolu xətlərinin bərpası işləri aparılır.

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) mətbuat xidmətinin rəhbəri Bəxtiyar Hacıyev bildirib ki, yeni Suraxanı və Bakıxanov qəsəbələri dəmir yolu xətlərinin bərpası işləri çərçivəsində bəzi tikililərin, o cümlədən Suraxanı bazarının bir hissəsinin sökülməsi zəruri olub. Bu tikililər dəmir yolu üçün mühafizə zonasında yerləşir və təhlükəsizliyin təmin edilməsi məqsədilə onların sökülməsi və mülkiyyətçilərinə kompensasiya verilməsi nəzərdə tutulur.

Yerli sakinlərin və satıcıların sözlərinə görə, bazarın sökülməsi onların dolanışığına təsir edib. Satıcı Alı Həsənov bildirib:

"Bu bazar söküldü, satıcılar işsiz qaldı. Hara getdilər, necə yerləşdilər hələ ki, məlum deyil. İndi isə hər şey bahalaşıb. Məsəl üçün, pomidor 80 qəpik idi, indi isə daha baha olacaq."

Digər bir satıcı isə qeyd edib:

"Bu, çox pis oldu. Bura gələn insanlar ucuzluq idi, kasıb-kusub burdan bazarlıq edirdi. İndi hər şey bahalaşıb. Mən 14 ildir bu bazarda işləyirəm. İndi necə dolanacağımı bilmirəm."

ADY-dən verilən məlumata görə, mühafizə zonasında yerləşən tikililərin sökülməsi və təhlükəsizliyin təmin edilməsi üçün işlər davam etdiriləcək.