Pensiya artıq bu yaşda veriləcək - RƏSMƏN AÇIQLANDI - RTV

Azərbaycanda qadınların pensiya yaşı ilə bağlı mərhələli artım prosesi başa çatıb. İyunun 1-dən etibarən qadınlar üçün pensiya yaşı 64 yaşdan 65 yaşa qaldırılacaq. Bununla da qadınlar və kişilər üçün müəyyən edilmiş pensiya yaşı ilk dəfə olaraq tam bərabərləşəcək.

Əmək pensiyaları haqqında qanunun tələblərinə uyğun olaraq, əgər 25 il sığorta stajı olan qadınlar üçün pensiya yaşı 2017-ci ildən etibarən hər il 6 ay artırılırdısa, bu proses 2026-cı ilin iyulunda yekunlaşacaq.

Liberal iqtisadçılar birliyinin sədri Akif Nəsirli məsələ ilə bağlı RTV-yə danışaraq bildirib ki, pensiya yaşının müəyyənləşdirilməsində əsas meyarlar ilk növbədə insanların orta ömür uzunluğu, sağlamlıq vəziyyəti və əmək qabiliyyətinin nə qədər müddətdə qorunub saxlanması olmalıdır.

O əlavə edib ki, buna görə də pensiya yaşının müəyyənləşdirilməsində gender bərabərliyi prinsipi deyil, həm də sosial sığorta fondunun imkanları və pensiya fondunun maliyyə dayanıqlılığı nəzərə alınmalıdır.

Akif Nəsirli bildirib ki, bu baxımdan, qadınların və kişilərin pensiya yaşının eyniləşdirilməsi sosial sığorta sisteminin dayanıqlılığını təmin etmək üçün vacibdir. O, həmçinin qeyd edib ki, qadınların ailə qayğıları, uşaqların tərbiyəsi və yaşlı ailə üzvlərinə qulluq kimi əlavə sosial yük daşıması da nəzərə alınmalıdır.

Nəsirli vurğulayıb ki, sosial sığorta sisteminin modernləşdirilməsi və pensiya sisteminin tətbiqi zamanı gender bərabərliyi prinsipi deyil, daha çox sosial-iqtisadi amillər ön plana çıxarılmalıdır.